• Burada Sizin reklamınız ola bilər :)

    Zamanla səyahət zamanı ortaya çıxan paradoksların həlli


     Bu yazı Asif Eminov terefindən yazılıb. / http://eminov.info/1651


    Qravitasiya çox olan yerdə zaman ləngiyir, qravitasiya az olan yerdə isə əksinə.

    Eynşteyn öz nəzəriyyələrində bunu həll etdikdən sonra başqa sualı ortaya atmışdı. Məkan bütünlüklə burda və indi mövcud ola bilir. Buna nəzərən biz deyə bilərikmi ki, zaman da həmçinin burda və indi mövcud ola bilir? Bu sual hələ də cavabsız qalıb. Səbəb isə zamanın “materiyasının” nə olduğunu, ümumiyyətlə zamanın nə olduğunu hələ fiziklərin cavab tapa bilməməsidir.


    Bu yazımda Eynşteynin zamanla bağlı bu fikrinin nə qədər doğru olduğunu izah etməyə çalışacam. Yəni zaman da burda və indi mövcud ola bilməsini. Bu isə öz növbəsində keçmiş, indiki, gələcək zamanın eyni anda mövcud olduğunu izah edir, zamanla səyahət anlayışını köklü olaraq dəyişir.
    Yazını yazmaqda məqsədim zaman-məkan, keçmişə-gələcəyə səyahətin mümkün olduğunu göstərmək yox (hipotez olaraq mümkündür), zamanla səyahət zamanı müasir alimlərin ortaya atdığı paradoksların həll edilməsi (bu həll paradoksların olmadığını isbat etməkdən ibarətdir), bu paradoksları ortaya atan alimlərin zaman-məkan anlayışına baxışının birmənali olması, elə bu üzdən zaman haqqında danışan alimlərin əksəriyyətinin zaman anlayışına eyni prizmadan baxmasından yaranan problem olduğunu izah etməkdir. Keçmişə və yaxud gələcəyə səyahət edərkən heç bir paradoksun yaşanmadığını, beləliklə yaranan paradoksların həlli üçün ortaya atılan paralel dünyalara ehtiyac olmadığını, səbəb-nəticə əlaqəsinin pozulmadığını göstərməkdir.

    Amma bu dediklərimi izah etməmişdən əvvəl gəlin sizləri zaman-məkan anlayışına, keçmişə-gələcəyə sayahətin hansı yollarla baş verməsinə, alimlərin rastlaşdığı problemlərlə, ortaya atdığı paradokslarla qısaca tanış edim. Ki, sonra demək istədiklərimi izah edərkən oxucuda çaşqınlıq yaratmasın.

    Kinolarda keçmişə səyahət edən səyyahın saatı əksinə gedir, valideynlərinin cavanlığını görür və yaxud dinozavrlar dövrünə düşür. Bugün dünyaca məhşur alimlərin iştirak etdiyi elmi sənədli filmlərdə də eyni düşüncə tərzini təbliğ edir, bu zaman ortaya çıxan paradoksların həllini bu sənədli filmlərdə, yazdıqları kitablarda, oxuduqları mühazirələrdə eyni cür həll etməyə çalışırlar.

    Bugün alimlərin ortaya atdığı və tez-tez rastlaşdığımız zamanla səyahət üçün istifadə olunan hipotezlər aşağıdakılardır.

    Zaman-məkan anlayışı

    Nisbilik nəzəriyyəsinə görə, kainat 3 məkan ölçüsündən və bir zaman ölçüsündən təşkil olunub və bu ölçülər bir-biri ilə sıx əlaqədədir. Ümumi nisbilik nəzəriyyəsində məkan-zaman ölçüsü vahid təbiətə malikdir. Və fəzada olan obyektlər bir-biri ilə qravitasiya qüvvəsi ilə bağlı olur. Nisbilik nəzəriyyəsində zaman bir ölçü olaraq məkan ölçülərindən ayrılmır və müşahidəçinin sürətindən asılı olaraq dəyişə bilir.

    Kainatı təsvir etmək üçün lazım olan ölçülər tam müəyyən olunmayıb və kainatı izah edən müxtəlif nəzəriyyələrdə bu ölçülər də müxtəlif ola bilər. Məs: Strun (string) nəzəriyyəsində zamanla birlikdə 10 ölçü hesab edilir. M-nəzəriyyədə 11 ölçü qəbul olunur. Alimlərin dediklərinə görə, 6-7 ölçü plank uzunluğuna qədər (~1,6×10^-35 metr) kompaktlaşıblar (compactification). Buna görə də onları müşahidə edə bilmirik. Hətta strun nəzəriyyəsinin bozon variantında 26 ölçü olduğu hesablanır. Bu hesablamalara görə, ilk olaraq bu əlavə ölçülər 10 adi ölçüyə kimi, o da öz növbəsində 4 ölçüyə kimi kompaktlaşa bilirlər.

    Yuxarıdakılardan da aydın oldu ki, zamansız məkanı təsəvvür etmək olmur. Və qeyd olunduğu kimi zaman məkanı dərk etmək üçün ayrılmaz bir hissədir.

    Bugün müasir fizika, əsasən də kvant fizikası zamanla səyahəti real sayır, keçmişə-gələcəyə getməyin mümkün olduğunu qəbul edir.

    Zamanla səyahət dedikdə, hipotez olaraq insanın (hər hansı bir obyektin) indiki zamandan keçmişə və yaxud gələcəyə hərəkət etməsi (getməsi) nəzərdə tutulur.

    Zamanla səyahəti 2 yerə bölmək olar.

    1. Gələcəyə səyahət.

    2. Keçmişə səyahət.

    Fizikada gələcəyə səyahət elə də böyük problem sayılmır. Amma keçmişə səyahət biraz qəliz məsələdir. Yəni eksperimental olaraq reallaşdırmaq sual altındadır. Lakin nisbilik nəzəriyyəsinə əsasən hər iki hal qəbul olunan, mümkün sayılır.

    Gələcəyə səyahət etməyin 2 əsas yolu

    Birincisi işıq sürəti ilə və yaxud ona daha yaxın sürətlə hərəkət etməkdir. Hərəkətdə olan obyekt üçün zaman ləngimiş (zamanın relyativistik ləngiməsi) sayılır. Ümumiyyətlə obyektin məkan-zamanda sürəti nə qədər çox olarsa, həmin obyekt üçün zaman bir o qədər çox ləngimiş olacaq. Sözsüz ki, limit işıq sürəti qəbul olunur.

    Məsələn: Əgər mən işıq sürəti ilə bizə ən yaxın olan ulduza səyahət edib gəlincə mənim üçün 2 il keçərsə, Yerdəki müşahidəçi üçün bəlkə də 1000 il keçmiş olacaqdır. Beləcə mən 2 ildən sonra Yerə qayıdan zaman Yer kürəsinin 1000 il sonrakı gələcəyinə düşmüş oluram. Daha aydın başa düşmək üçün: əgər mən 24 yaşında işıq sürəti ilə hərəkət edib, 26 yaşında Yerə dönürəmsə, Yerdə artıq 2012-ci il yox, 3012-ci il olacaq. Beləliklə, mən gələcəyə getmiş sayılıram. (yuxarıdakı rəqəmlər nisbi götürülüb, dəqiq hesablamalar deyil) Eyni eksperiment əkizlər paradoksunda izah olunur.

    İkincisi isə qara dəlik yaxınlığında və yaxud kütləsi çox olan obyektin içində (ətrafında) zamanın ləngiməsi. Hansı ki, bu kimi şəraitdə qravitasiya qüvvəsi çox olur və qravitasiya qüvvəsi çox olan yerdə zaman ləngiməyə başlayır.

    Zaman maşını ilə səyahət edərkən ətrafında dövr edəcəyimiz obyektin sıxlığı, kütləsi, enerjisi nə qədər çox olarsa, qravitasiya qüvvəsi də bir o qədər çox olacaq və beləcə həmin zaman maşını qəbul olunan obyekt üçün zaman ləngimiş olacaq. İzah üçün sadə bir misal çəkim… Əgər mən kosmik gəmiyə minib qravitasiyası Yer kürəsindən 1000 dəfə çox olan obyektin yanında 1 saat vaxt keçirirəmsə, bu zaman Yerdəki müşahidəçi üçün 1000 saat vaxt keçmiş olacaq. Yəni Yerdəki müşahidəçi mənim Yerdən 1000 dəfə ağır obyektin yanında 1000 saat vaxt keçirdiyimi hesablayacaq. Lakin mənim üçün bu 1000 saat bir saata kimi ləngimiş olacaq. Gördüyünüz kimi mən bu bir saat ərzində Yerdəki müşahidəçidən 999 saat cavan qalmış oluram. Bələliklə mən Yerə qayıdınca 999 saat gələcəyə düşmüş oluram.

    Başqa eksperimental olan sübutlardan biri kimi GPS sistemini misal çəkmək olar. Hər gün peykdəki saatlarda 38 (!?) millisaniyə Yerin səthindəki vaxtla korreksiya olunur. Əgər bu peyklərdə zamanın Yerdəki zamanı qabağlamasını bərabərləşdirməsək, onda GPS bizə lazım olan koordinatların yerini düzgün göstərməyəcək. Və hər gün toplanan bu mikrosaniyələrə görə sonrakı məsafələrdə daha çox xəta baş vermiş olacaq.

    Həmçinin onu da qeyd edim ki, xüsusi və ümumi nisbilik nəzəriyyəsində sürətin və qravitasiyanın zamanı ləngitməsi bir çox eksperimentlərlə təsdiq olunub.

    Eynşteynin nisbilik nəzəriyyəsi bizə hipotez olaraq keçmişə də səyahət etməyə imkan yaradır.

    Keçmişə səyahət etməyin də bir neçə yolları var. İşıqdan sürətli hərəkət, köstəbək dəlikləri və yaxud soxulcan dəlikləri (wormhole), kosmik strunlar, qara dəliklərdən istifadə etməklə və s.

    Xüsusi nisbilik nəzəriyyəsinə görə, əgər informasiya və yaxud materiya işıq sürətindən yüksək sürətlə bir nöqtədən digər nöqtəyə hərəkət edərsə ətalət hesablama sistemi (intertial frame of reference) sayəsində informasiya və yaxud obyekt keçmişə səyahət etmiş olacaq. Onu da qeyd edək ki, nisbilik nəzəriyyəsi işıqdan sürətli zərrəciklərin mövcud olmasına icazə verir. Məsələn: taxionlar.

    Köstəbək dəliklərindən istifadə etməklə keçmişə səyahət etmək. Enşteyn tənlikləri zaman-məkanda köstəbək dəliklərinin mövcudluğuna icazə verir. Amma köstəbək dəliklərindən istifadə etməklə keçmişə səyahət etmək üçün mütləq olaraq iki dəlik arasında əlaqə olmalıdır. Köstəbək dəliklərində yaranan əsas problem ondadır ki, keçmiş bir keçmiş olaraq zaman maşını yaranan gündən qəbul olunur. Başqa sözlə desək, köstəbək dəliyi üçün məkan-zamanda iki nöqtəni birləşdirən tunel yaratmaq lazım gəlir. Və yaradılacaq köstəbək dəliyi üçün giriş sayılacaq A nöqtəsi B nöqtəsinə görə keçmiş sayılacaq və köstəbək dəliyi ilə səyahət max. A nöqtəsi yaradılan günə qədər mümkün olacaq. Həmçinin keçmişə səyahət edən zaman maşının özü olmayacaq. Bu həmçinin Stiven Hokinqin “gələcəkdən turistin gəlməməsinə” alternativ izah kimi qeyd edilir. Yəni Stiven Hokinq (Stephen Hawking) gələcəkdən hər hansı turistin keçmişə qayıda bilməməsini zaman maşının hələ hazır olmaması ilə izah edir. Qarşıdakı izahlarım Stiven Hokinqin bu fikrini səhv çıxarmış olur. Bu isə o deməkdir ki, Stiven Hokinq kimi alim də keçmişə səyahət məsələsinə birmənalı yanaşır.

    Eynşteynin tənliklərinə əsasən əgər köstəbək dəliyinin mövcud olması üçün ekzotik enerjiyə (əks enerji sıxlıqlı) ehtiyac var və bu ekzotik enerji daimi olmayan halda səyyah A nöqtəsindən B nöqtəsinə bu tunel vasitəsilə keçə bilməyəcək. Çünki tunel vaxtından əvvəl bağlanmış olacaq. Bu haqda Eynşteyn-Rozen körpüsündə (tənliklərində) izahatlar verilib. Lakin bugün ekzotik enerjini həm nəzəri cəhətdən, həm də eksperimental olaraq Kazimira effekti və digər eksperimentlər sayəsində mövcudluğu sübut olunub.

    Qeyd: Düşünürəm ki, bu kimi köstəbək dəliklərinin məkanı deformasiyaya uğradaraq (kənara itələyərək) zaman-məkanın iki nöqtəsi arasında əlaqə yaratması çox çətin və ağılasığmaz enerji tələb edir. Əgər insan yüksək inkişaf etmiş bir sivilizasiya kimi kifayət qədər bu enerjini əlda etmiş olsa belə (!?), köstəbək dəliyin açılması planetlər səviyyəsində kataklizmlərə gətirib çıxara bilər.

    Məsələn: Əgər nə vaxtsa insan 2 metr diametrində köstəbək dəliyi açmaq üçün məkanı deformasiyaya uğrada biləcəksə (halbuki bu mənim üçün qeyri-real görsənir, çünki 2 metrəlik dəliyin açılması üçün istifadə oluna biləcək enerji günəşin həyat tsikli boyu buraxdığı enerjidən çox ola bilər), bu ümumilikdə milyon kilometrlərlə uzanan məkanın deformasiyaya uğraması deməkdir və bu dəlik nə qədər dərin olsa, mövcud deformasiyanın sahəsi də çox olmuş olacaq. Əgər biz Plutonun yanında 2 metrlik köstəbək dəliyi aça biləcək enerjiyə sahib olarsaq, bizim günəş sistemimizdə olan bütün planetlər, obyektlər deformasiyaya məruz qalır və belə olan halda mövcud xaosu daha da mürəkkəbləşdirir, daha da sürətlənməsinə səbəb oluruq. Adi bizim peykimiz sayılan Ayın Yer kürəsinə nə qədər təsir etdiyini, çəkilmə-qabarmanın yaranmasına səbəb olmasını hamımız bilirik.


    Keçmişə səyahətin digər variantlardan biri kosmik strunların (sapların) sayəsində mümkün olacağı qəbul olunur. Həmçinin bu kosmik strunların sayəsində Tipler slindirini hazırlamaq olar. Lakin bu kosmik silindirin uzunluğu sonsuz və yüksək sıxlıqlı olmalıdır. Onu da qeyd edim ki, belə bir slindrlə spinin fırlanma istiqamətindən asılı olaraq həm keçmişə, həm də gələcəyə düşmək olar. Belə bir slindrin hazırlanması üçün isə yüksək texnologiyalar lazımdır, hansı ki, insan üçün belə bir texnologiyalar çox uzaqdır və yaxud bir növ olaraq insan üçün əl çatmaz arzudur. Bu kimi imkanların olması şəraitində də yuxarıdakı qlobal kataklizmlərə səbəb olacaq deformasiyalar həll olunmamış qalır. Riçard Gott`a görə kosmik strunlar zaman-məkanda deformasiya yaradır və beləcə deformasiya boyu yox, kəsə yolla biz mövcud məsafəni qət etmiş oluruq. Bu haqda heç bir informasiyaya malik olmadan 2-3 il əvvəl mən də özüm üçün bunu kəşf etmişdim. Hətta fizik dostum Nağı Qasımova zamanla səyahətin qısa yolunu kəşf etdiyimi desəm də, paxıllığımdan bu “sirri” ona da açıqlamamışdım. Sonradan bu fikrin yanlış olduğunu dərk edəndən sonra, kosmik strunlar, məkanın deformasiyaya uğraması nəticəsində qısa yolla A nöqtəsindən B nöqtəsinə keçməkdən əl çəkdim. Sonradan öyrəndikcə, maraqlandıqca bildim ki, bu ideyanı Riçard Gott kimilər çoxdan kəşf edib. Riçard Gott`un danışıq tərzi, səsi xoşuma gəlsə də, onun baxış bucağının səhv olduğunu izah etmək istərdim. Əziz Riçard, sizin kosmik strunlarınız ilə A nöqtəsindən B nöqtəsinə keçid zaman-məkandan kənar keçiddir və buna görə də köstəbək dəliklərindən heç nə ilə fərqlənmir buna görə də bu keçid formasını köstəbək dəliyi saya bilərik. Sadəcə köstəbək dəliklərində məkan kənara itələnir, kosmik strunlarla isə bir-birinə cəlb olunur. Hər iki halda keçid məkan-zaman üzrə olmadığı üçün, bu keçid köstəbək dəlik tiplidir. Ona görə də sizin bu kəşfiniz köstəbək dəliklərindən heç nə ilə fərqlənmədiyi üçün, burda fərqli nəsə görmədik.

    Bu kimi halların baş verməsi, keçmişə səyahəti qeyri mümkün edir. Lakin bu nə qədər mümkünsüz hesab edilsə belə hipotez olaraq, kağız üzərində öz həllini tapmış olur və bugün fiziklər real olaraq yox, fikri olaraq keçmişə sayahət edən zaman qarşılaşacağımız problemlərin həllinə çalışırlar.

    Əlavə1: 2005-ci ildə Massaçuset Texnoloji Universitetində (MİT) gələcəkdən gələnləri qarşılamaq üçün zamanla səyahət edənlər üçün konfrans keçirilir. Bu bir eksperiment kimi gələcəkdən gələ biləcək insanları konfransa cəlb etmək, konfransda gələcəkdən gələn birisinin iştirakına ümid edib, hətta onun zaman maşını kimi texnologiya haqqında informasiyanı paylaşacağına da ümid edirdilər. Konfransda 300-dən çox iştirakçı olsa da (bunların içində məhşur alimlər də iştirak edib, o cümlədən nəzəri fizik, kosmoloq Alan Guth da), heç kim özünü gələcəkdən gələn biri kimi təqdim etməyib. Hər zamankı kimi gələcəkdən adamın gəlməməsini fizikada olan bir neçə problemlə izah etməyə çalışıblar. Fizika üzrə professor Alexandr Vilenkin, nəzəri kosmologiya və qravitasiya üzrə professor Jaume Garriga bunun səbəbini paralel dünyalarda görürlər. Onların fikrinə görə, keçmişə səyahət edən səyyahın bu kimi konfransa gələ bilməməsinə səbəb, paralel dünyaya düşməsidir. Dr. Marc Rayman kimi alimlər isə problemi zaman maşının hələ kəşf olunmamasında, yuxarıda köstəbək dəliklərində dediyim kimi, zaman maşını ilə keçmişə ancaq zaman maşını kəşf olunan ana kimi gələ biləcəyini iddia edir. Həmçinin yuxarıda Stiven Hovkinqin də bu fikri irəli sürdüyünü göstərmişdim. Bu altrenativlər bir növ alimlər üçün paradoksdan çıxış yolu kimi qəbul olunur.

    Alexander Vilenkin və Jaume Garriganın bu fikrinə cavab olaraq bildirmək istəyirəm; əgər paralel dünyalar mövcud olsaydı, deməli, gələcəkdən keçmişə qayıdan biri üçün bizim dünyamız paralel dünyalardan biri qəbul olunmalıdır. Və gələcəkdən keçmişə bu kimi səyahət mövcud olsaydı, həmin səyyahın bizim dünyaya düşmə ehtimalı var və belə olan halda keçmişə sayahət edən səyyah (bu ehtimal gerçəkləşərsə) yenə də gəlib konfransda iştirak edə bilərdi (əgər istərsə). Yəni paralel dünyaların mövcud olması da bir səyyahın mövcud olması şərtlərində konfransa gələ bilməməsinə maneə törətməməlidir. Düşünürəm, bu fikir Alexander Vilenkin kimi düşünən alimlərin bu kimi suallardan çıxış yollarına sədd çəkmiş olur. Yəni ortaya bir fikir atıb, məsələdən qaçmaq yerinə, gedin ortaya atdığınız fikrin əskik yerləri haqda fikirləşin!

    Gəlin indi də zamanla səyahət zamanı ortaya çıxan paradokslara diqqət yetirək. Yəni alimlərin ortaya atdığı paradokslara. Alimlər özləri də qeyd edir ki, bu paradokslar öz həllini tapmasa, zamanla səyahət sual altında olmuş olur.

    Zamanla səyahət zamanı ortaya çıxan paradokslar:

    1. Səbəb nəticə əlaqəsinin pozulması.

    2. Öldürülmüş baba paradoksu və buna oxşar fikri eksperimentlər. (keçmişə səyahət zamanı)

    3. Əgər zamanla səyahət mövcud olsaydı, onda bugün gələcəkdən gələnlər mövcud olmalı idi. Amma bunu təsdiq edən hüç bir informasiya yoxdur.

    Məsələn: Təsəvvür edin ki, zaman maşını kəşf olunub və siz keçmişə səyahət edib, babanınızı elə beşikdəcə öldürürsünüz. Bu zaman siz mövcud olacaqsınızmı? Axı, sizin mövcud olmanız üçün atanızın mövcud olmasına ehtiyac var. Atanızın mövcud olması üçün isə babanıza…

    Gördüyünüz kimi burda səbəb-nəticə prinsipi də orataya atılır. Yəni insan keçmişə gedib, sizin mövcud olmanıza səbəb olan hadisələrdə dəyişiklik yaradanda gələcəkdə nəticələr (olacaq hadisələr) hansı səmtə yönələcək?

    Həmçinin əgər zamanla səyahət, belə bir maşın hipotez olaraq doğrudursa, onda nəyə görə bizim dünyada gələcəkdən səyahət edən hər hansı adam yoxdur? Əgər zamanla səyahət real olsaydı, onda bizim içimizdə çoxlu sayda gələcəkdən gələn turistlər mövcud olmalı idi. Amma gördüyümüz kimi yoxdur!

    Bugün alimlər paradokslardan çıxış yolu kimi ən doğru variant paralel dünyaları görürlər. Çünki paralel dünyaları ortaya atınca zamanla səyahət zamanı çıxa biləcək bütün paradokslar həll olunmuş olur. Həmçinin Navikovun ardıcıllıq prinsipi. Hər halda alimlər bunu deyir.

    Paralel dünyalar vasitəsilə paradoksların həll olunmasını irəli sürən amerikan fiziki Hugh Everett`ə görə kvant mexanikasında çox dünyalı (multidünyalar) interpritasiyaya (Many World Interpretation) görə, kvant dünyasında baş verəcək hadisələrin bir-birindən fərqli tarixçələri ola bilər. MWI-yə görə keçmişə səyahət zamanı paralel dünyaya düşən səyyah alternativ, paralel tarix cızır. Keçmişdə baş verən dəyişiklik paralel dünyadakı hadisələri dəyişmiş olur. Baba misalı ilə izah etsək, mən keçmişə gedib beşikdə babamı öldürürəmsə, bu mənim dünyamdakı babamı öldürmək deyil, paralel dünyadakı babamın oxşarını öldürmüş oluram, beləcə mənim oxşarım və yaxud paralel dünyada olacaq mənim əkizim mövcud olmur. Həmçinin gələcəkdən gələn adamların olmamasını da paralel dünyalarla çözməyə çalışırlar. Yuxarıda bu haqda qeydlər aparmışam. Buna görə də səbəb-nəticə əlaqəsi pozulmur. Nəzəri fizik David Deutsch isə qeyd edir ki, əgər zamanla səyahət mümkündürsə, onda MWI də doğrudur. Stiven Hokinq isə bu məsələyə yaxşı bir cavabı var. Hokinqə görə, əgər MWI doğrudursa, ardıcıl hadisələrdən birini yaşamaq üçün zamanla səyahət edənlərdən birini gözləməliyik (yuxarıda Alexander Vilenkinin fikrini tənqid edərkən ortaya atdığım ehtimal). Buna görə də zamanla səyahət edən öz dünyasında qalır, daha hansısa başqa dünyaya getmir.

    Navikov ardıcıllıq prinsipi isə rus astrofizik-nəzəriyyəçi, kosmoloq Navikov tərəfindən irəli sürülüb və əsas məqsəd zamanla səyahət zamanı yarana biləcək paradoksları aradan qaldırmaqdır. Bu prinsipə əsasən keçmişə səyahət edən səyyahın gələcəkdə baş verənləri dəyişmək üçün atdığı hər bir addım boşa çıxır və yaxud bu ehtimal sıfıra bərabədir. Əgər “12 meymun” kinosuna baxmısınızsa, bu prinsipi orda daha vizual görmək olar. Baş qəhrəman gələcəkdə baş verən pandemiyanın qarşısını almaq üçün keçmişə səyahət edir və hadisələr xəttini dəyişməklə gələcəkdə baş verəcək pandemiyanın qarşısını almağa çalışır. Lakin hər dəfə müxtəlif maneələrə rast gəlir və beləliklə eyni hadisə müxtəlif süjet xətti ilə yenə də baş verir.

    Və yaxud “Behold the Man” əsərində baş qəhrəman İsa peyğəmbəri qarşılamaq üçün eradan əvvəl 28-ci ilə səyahət edir. Lakin hadisələr elə səmtə yönəlir ki, sonda özü İsa peyğəmbər rolunu oynayır, İsa peyğəmbər özü olur. Hadisələr Bibliyadakı kimi təkrarlanır.

    Və yaxud sevdiyim filmlərdən sayılan “Andormeda ştammı” filmində gələcəkdən ölümcül virus göndərilir. Və alimlər həmin virusu deşifrə edəndə orda onu neytrallaşdıra bilən bakteriyanın adını da tapmış olurlar, bundan əlavə ayrıca simvol və kod da. Lakin kodun və simvolun mənasını açıqlaya bilmədikləri üçün, bu virusun gələcəkdən kimlər tərəfindən göndərildiyini də açıqlaya bilmirlər. Zərərsizləşdirilən virusun tam məhvinə əmin olsalar da, Rusiya dövləti gizlincə virusun bir nüsxəsini oğurlayaraq MİR kosmik stansiyasında eyni nörməli kod və simvolla saxlayır. Bu isə bir daha Navikov ardıcıllıq prinspinə işarədir. Yəni gələcəkdən göndərilən bu virus elə gələcəkdəki insanlar tərəfindən göndərilib, hansı ki, gələcəyə nəzərən keçmişdə MİR kosmik stansiyasında onun emblemi, saxlanılan qutunun kodu və onu zərərsizləşdirən bakteriya haqqında informasiya qeyd olunmuşdu.

    İndi isə paralel dünyaların mövcudluğunun nəyə görə yalnış olduğunu, həmçinin paralel dünyalar haqqında, MWI haqqında düşüncələrin nəyə görə yalnış olduğunu izah etməyə çalışım.

    Əgər paralel dünyalar mövcud olarsa ortada bir problem de açıq olaraq qalır. Əgər MWİ doğrudursa, deməli, keçmişə səyahət edən səyyah mütləq olaraq paralel dünyada öz dünyasındakı hadisələri görə bilməz! Çünki bu özü səbəb nəticə əlaqələrinin pozulması deməkdir. Əgər paralel dünyalar mövcuddursa, deməli, sonsuz sayda paralel dünyaların özlərində belə insan adlı məxluq mövcud olmamalıdır! Və paralel dünyaya düşən səyyah gedib orda babasını görməməməli və bu səbəbdən babasını öldürə bilməməlidir! Çünki hər bir paralel dünyanın dünyaların yarandığı ilk andan öz fiziki qanunlarının, xaosun sayəsində öz tarixcəsi olmalı. Bu izahi yolla ölüdürülmüş baba paradoksu kimi problemlər öz həllini tapmış olur. Kainatda hər şey xaos üzərində qurulub və insanın dəyərləndirə bilmədiyi ən kiçik hadisə belə böyük nəticələr gətirib çıxara bilən bu kainatda, paralel dünyada gedib öz babasını görmək və yaxud yer kürəsini görmək, öz küçəsini, öz evini görmək, bu dünyada insanın etdiyi hər kiçik hərəkətə görə indiki kimi mövcud olmasına səbəb olaraq, həmin dünyalarda da eyni “məni” görmək məntiqə sığmır. Kiçik bir səbəbin böyük nəticələr yaratdığı qanunlar mövcud olan kainatda heç kim bizə qarantiya vermir ki, səyyah paralel dünyaya gedib, bu dünyasında gördüyü her şeyi eynisi ilə görəcək. Ortaya paralel dünyaların mövcudluğunu sual altına salan yeni bir paradoks da çıxır. Əgər bütün ardıcıllıq olduğu kimi təkrarlanırsa, onda bu səyyah gedib babasini öldürə bilməməlidir! Çünki bütün ardıcıllıq eynilə olduğu kimi olan paralel dünyada (absurd və heç bir məntiqi əsası olmayan fikir) babası öləndən sonra belə hadisələr eyni xətt üzrə hərəkət etməlidir. Çünki babanın öldürülməsi, bu artıq yeni bir hadisənin olmasının başlanğıcıdır. Bütün hadisələr eyni cür təkrar olunan dünyalarda mən olmayana kimi də milyon illərdir hər şey olduğu kimi gəlibsə, mənim babamı öldürməyim bu paralel dünyaların birinin məhvi deməkdir. Həmçinin bu da paralel dünya tərəfdarları tərəfindən qəbul olunandırsa, onda biz başqa paralel dünyadan mənim “əkizimin” bizim dünyanın, bir neçə il keçmişinə gələrək babamı öldürmək ehtimalının da olmasını və bu zaman mənim də mövcud olmağımı sual altına salması ilə razılaşmış olmalıdır. Əgər sonsuz sayda bütün paralel dünyalarda hər şey eynilə təkrarlanırsa, mən zaman maşınına minib paralel dünyaya səyahət edirəmsə, onda gərək paralel dünyalarda olan sonsuz “mən”lər də zaman maşınına minib paralel dünyalara getməli və beləcə paralel dünyalardakı babalarının oxşarlarını öldürməsi mütləq olmalıdır.

    Hətta paralel dünyalarla bağlı bəzi fikirlərdə bizim paralel dünyalardakı əkizimin başqa ixtisas sahibi ola biləcəyi, başqa işlə məşğul olduğu, başqa ünvanda yaşaya biləcəyi kimi fikirlər də irəli sürür. Bu kimi düşüncə tərzi yuxarıda qeyd etdiklərimi tamamilə təstiqləmiş olsa da, bu fikrin özü də səhvdır. Çünki paralel dünyada yaşayan mən hal-hazırda bu yazını yazmıramsa, gedib barda içki içirəmsə, orda kimləsə dalaşıramsa və dalaşdığım məni bıçaqlayıb öldürürsə, mənim paralel dünyaya gedib, bu kimi xaosun hökmranlıq etdiyi həyatın içində babamı axtarmağım çox gülməli səslənər, qaldı ki, onu tapıb öldürməyim. Belə xaotik hadisələrin cərəyan etdiyi dünyalarda mənim babam sağ olması, ümumiyyətlə mövcud olma ehtimalı sıfıra bərabərdir. Yəni kim bizə qaranti verir ki, mənim babamın doğulmasına səbəb olacaq hadisə baş vermişdir. Gördüyünüz kimi hər hansı bir səyyahın paralel dünyaya getməsi həmin dünyada yeni hadisələr cızığının yaranmasına səbəb olur. Ve bir daha yuxarıda Vilenkin və Garriganın fikirlərinə yazdığım cavabı da oxuyun. Sonra isə paralel dünyalar iddiasının üstündən xətt çəkə bilərsiz!

    Yuxarıda dediklərim bu paralel dünyalar izahında öz həllini tapsa onda başqa sual ortaya çıxır. Məsələn: Əgər mən zamanla səyahət edib paralel dünyanın keçmişinə qayıtmışamsa, babamı öldürməmişdən əvvəl mağazaya girib babam üçün bir şərab alıramsa, bu artıq başqasının alacağı şərabı almağım və beləcə hadisələr səmtini dəyişməyim deməkdir və yaxud paralel dünyaya gedərkən həmin dünyadakı hər hansı bir adamın mənə baxması, bu artıq yeni hadisələr tarixcəsi cızmış olur. Tutaq ki, biri yolun ortasinda dayanıb mənə baxır və beləcə az da olsa zamanını mənə ayırmış olur, hansı ki, bu zaman ərzində yolu keçə bilərdi, buna görə də evə tez çata bilərdi, evə vaxtından tez çatdığı üçün uşağına dərmanı biraz tez verə bilərdi, beləliklə ushaq sağ qala bilərdi. Və yaxud yolun ortasında durub mənə baxdığı üçün maşının onu vurması və xəstəxanalıq olması, ölməsi və s. Amma mən babamı öldürmək üçün paralel dünyada olmasaydım, mənə baxmayacaqdı, nəticədə bu hadisələr baş verməyəcəkdi. İstənilən misal çəkmək olar. Yuxarıda paralel dünyalardakı mənlə bağlı eyni misal da bunu göstərir. Bir sözlə, kəpənək effetkinin hər yerdə mövcud olması. “Və ildırım çaxdı” filmini izləməyiniz məsləhət görərdim. Filmdə keçmişə qayıdaraq adi kəpənəyi tapdalayaraq öldürülməsi gələcəyi nə qədər dəyişdirilməsini çox yaxşı izah edir. Paralel dünyalar bu problemlərin həllini tapmalıdır.

    Paralel dünyaların mövcüd olmasının digər problemi, MWI doğru olarsa, keçmişə səyahət edən səyyah geri qayıda bilməməlidir. Əgər onun gələcəyə qayıtması üçün bütün imkanları olsa belə (zaman maşını və s.) həmin səyyah başqa paralel dünyanın gələcəyinə düşmə ehtimalı daha çoxdur. Məs: paralel dünyaların sayını 1000 qəbul etsək (halbuki sonsuz sayda qəbul olunur), keçmişə sayahət zamanı paralel dünyanın keçmişinə düşən hadisələri həmin dünyaya uyğun olaraq cızıb, gələcəyə öz dünyasına qayıtmaq istəyən səyyahın həqiqətən öz dünyasına düşmə şansı 1/999-dur. Amma bir şey də var ki, əgər paralel dünyalar mövcuddursa, deməli, onların sayı sonsuz olmalıdır. Buna uyğun olaraq da səyyahın təzədən öz dünyasına qayıtmaq şansı sıfıra enir. Bu hadisələri “Kəpənək effekti” adlı filmdə görmək olar. Kinonun baş qəhrəmanı keçmişə gedərək hadisələrdə dəyişiklik edir və gələcəyə qayıdarkən öz dünyasına yox, paralel dünyanın indiki zamanına düşmüş olur və hansı ki, orda hadisələr keçmişə qayıdıb dəyişdiyi tarixcəyə uyğun olaraq sıralanıb. (wtf?!) Bu özü də yalnış bir baxışdır! Bu filmdə yuxarıda dediyim prinsipə əməl olunur. Lakin bu baxışın özü yeni bir paradoks ortaya atmış olur. Əgər keçmişdə dəyişiklik yaradıb gələcəyə gedən səyyah paralel dünyanın indiki zamanına düşürsə, o keçmişdə dəyişiklik etdiyi hadisələr ardıcıllığı ilə qarşılaşmamalıdır. Axı, o paralel dünyanın gələcəyinə düşür. Həmin dünyanın gələcəyinə yox. )) Deməli, insanın keçmişə qayıdıb hadisələri dəyişə bilmək imkanı yoxdur.

    İndi isə Navikov ardıcıllıq prinsipinin nəyə görə yalnış olduğunu və buna görə də paradoksu həll etmədiyini izah etməyə çalışım. Tutaq ki, keçmişə səyahət mövcuddur və 12 meymundakı kimi səyyah keçmişə qayıdıb, ölümcül virusun yayılmasının qarşısını almaq istəyir. Ortaya sual çıxır. Nəyə görə səyyah müxtəlif variantlarla virusun yayılmasının qarşısını almaq istəsə də, uğursuzluğa düçar olur? Buna səbəb olan o qaranlıq qüvvə nədir ki, hadisələr müxtəlif xətt üzrə hərəkət etsə də, sonra bütün xəttlər birləşir və bir nəticəyə aparır? Niyə? Novikov ardıcıllıq prinsipi bu suala cavab verməmiş özü sual altında olmuş olur. Çünki səyyah həqiqtən eyni dünyada keçmişinə qayıdıb virusun yayılmasının qarşısını almaq imkanına malikdirsə və buna görə də əvvəlkindən fərqli tarixcə cızırsa, deməli, bu artıq virusa qarşı qalibiyyətdir, yeni çox böyük ehtimalla virusun yayılmasının qarşısını ala biləcək. Çünki səyyah bu səfər planlı tərpənəcək və virusun yayılmasının qarşısını ala biləcək. Bu yolla da müxtəlif tarixcəli hadisələrin təzədən sonda birləşib eyni hadisənin baş vermə ehtimali sıfıra enir. Demək olar ki, mümkün olmur… Bu halda da başqa sual ortaya çıxır. Eyni dünyada kecmişə qayıdaraq hadisələri dəyişən səyyahın gəldiyi dövrdə hadisələr necə dəyişə bilər? Ümumiyyətlə dəyişməyəcək! Axı, səyyahın gəldiyi indiki (gələcək) zamanda olan olub, hadisələr virusun yayılmasından sonrakı kimi öz cığırı ilə gedir. Səyyah keçmişə qayıtmasının səbəbkarı pandemiyadır. Və bu paralel dünya olmadığı üçün, yəni öz dünyasının keçmişinə qayıtdığı üçün, deməli, səyyah kecmişə qayıdıb hadisələri dəyişə bilməz! Deməli, səyyah öz dünyasında keçmişə səyahət edə bilməməlidir!

    Yuxarıda alimlərin ortaya atdığı iddiaların paradoksları həll etmədiyini, hətta bu iddiaların özlərinin sual altında olduğunu, paradoksal olduğunu göstərdim. İndi isə keçək izahlarımla zamanla bağlı paradoksların həllinə. Yuxarıdakı izahlarımdan hər kəsə zamanla bağlı paradoksların həlli üçün ortaya atılan hipotezlərin özünün sual altında olduğu bəlli oldu. Lakin biz zaman anlayışına başqa prizmadan baxıb, keçmiş, indiki və gələcək zamanı eyni anda mövcud ola bilməsini qəbul edərsək, heç bir paradoksa ehtiyac qalmır. Bu isə zamanla bağlı paradoksların həlli deməkdir. Həmçinin ortaya paradoks atan alimlər bu paradokslarin özlərinin düşdüyü çətin vəziyyətdən çıxış yolu tapmalıdır (yuxarıdakı izahlarım). Və bunu etməyincə, yenə də zamanla bağlı paradosklara ehtiyac qalmır.

    Məkan-zamana görə zaman bir ölçü kimi qəbul edilir. Əgər biz yuxarıdakı irəli sürülən hipotezlər, fikri eksperimentlərdəki kimi keçmişə qayıdıb, nənəmizi, babamızı və s. görə biliriksə, bu artıq zamanın bir ölçü kimi qəbul olunmasına qarşı çıxırıq. (!?) Amma biz zamana bir ölçü kimi baxsaq (nisbilik nəzəriyyəsində zamana bir ölçü kimi baxılır), bu zaman kecmişə qayıdan səyyah babasını görməməlidir. Ümumiyyətlə yuxarıda alimlərin izah etdiyi keçmişdən söhbət gedə bilməz. Baxın! Ən böyük problemlər də burdan başlayır! Bizim keçmişə səyahət deyərkən, keçmişə qayıdıb uşaqlığımızı görə biləcəyimizdən! Biz keçmişimizə onun içindən yox, ancaq qıraqdan müşahidə edə bilərik. Və bizim özümüzə nəzərən keçmişimizi dəyişə bilmərik. Yəni biz bu keçmiş anlayışına başqa prizmadan baxsaq, onda bu paradokslara da ehtiyac qalmır, hansısa gələcəkdən gələn turistlərə də ehtiyac qalmır və s.

    Bildiyimiz kimi, insan ətraf aləmi öz duyğu orqanları ilə qəbul edir (dərk edir). Eşitmə, görmə, qoxu, dad, toxunma, 6-cı hiss və s. Və bizim gözümüz bir organ olaraq ətraf mühitdən elektromaqnit şüalanmasının görünən uzunluqlarını (işıq) qəbul edib, beyinə ötürür, beyin isə öz növbəsində bu dalğa uzunluqlarını analiz edib, dərk edir. Görmə zamanın dərk olunmasında böyük rolu vardır. Mən uzaqdan kimisə görürəmsə, bu həmin anda gördüyüm həmin adam deyil. Onun bir neçə mikrosaniyə keçmişdəki vəziyyətidir. Yəni işıq düşür həmin insanın üzərinə, onlardan bəziləri əks olunur, əks olunan dalğa uzunluğu gözümə düşür, gözüm informasiyanı (obyektdən əks olunan elektromaqnit şüalanmasını) beyinə ötürür, beyin analiz edir və bu zaman mən həmin insanın orda güləriz dayandığını, mənə baxdığını dərk etmiş (görmüş) oluram. Amma bu dərk üçün keçilən mikrosaniyələr (işığın onun üzərinə düşməsi, əks olunan şüaların gözümün qəbul etməsi, beynimin analiz etməsinə sərf olunan zaman) ərzində artıq ikinci kadr bundan əvvəlki informasiyanın arxasınca gəlir, eyni anda mən qarşımdakı insanın bir neçə mikrosaniyə əvvəlki vəziyyətini görmüş oluram. Və bu ikinci kadrı birinci kadr dərk olunandan bir neçə mikrosaniyə sonra görmüş olacam. Çox güman ki, aradakı interval maksium Plant vaxtı qədər qısaldıla bilər. Bizim ətraf mühiti dərk etməkdə ən böyük rolu işıq (elektromaqnit şüalanması) oynayır. Gördüyünüz kimi, mən onun keçmişini dərk edə-edə (görərək) onun ikinci kadrı (sonrakı vəziyyəti, görüntüsü) ilə eyni anda mövcud olmuş oluram. Yəni mən onunla indiki zamanda mövcud olan anda, yalnız onun keçmişini görə, hiss edə, dərk edə bilirəm.

    Bu bir növ kainatın, ətrafın bütünlüklə şəkilli dünyadan təşkil olunduğunu göstərir. Bir növ bizlər bu an keçmişin içində mövcuduq. Saniyədə 24 kadrdan ibarət video materialı da misal çəkmək olar. Hansı ki, biz videonu hərəkətli görsək də, videoda canlanan görüntü bir saniyədə 24 fotokadrın sıraln heanmasından ibarətdir. Həmçinin bu bizə şəkilləri xatırlada bilər. Yuxarıda görmə ilə bağlı fotoaparatda gözləmə rejimini nartırmaqla da almaq olar. Onda şəkil bulanlıq alınır, bir obeykt bir neçə yerdə görsənmiş olur. Bu elə yuxarıda izah etdiyim birinci, ikinci kadr misalıdır. Fotoaparatda gözləmə rejimini artırmaqla obyektin hərəkətini gözləmə ilə bir neçə dəfə tutmuş oluruq.
    Başqa bir misal çəkim. Biz ulduzlara baxırıq. Səmada gördüyümüz ulduzlardan, planetlərdən gələn işıqlar müəyyən müddət yol gəlir. Adi bizim günəşimiz… Günəş işığı Yer planetinə 8 dəqiqə 19 saniyəyə gəlib çatır. Bu isə o deməkdir ki, biz günəşlə bir yerdə indi, bu an mövcud ola-ola günəşin 8 dəqiqə 19 saniyə əvvəlki vəziyyətini (keçmişini) görmüş oluruq. Bu an günəşlə bir yerdə mövcud ola-ola, günəşdə bu an baş verənləri günəşə nəzərən 8 dəqiqə 19 saniyə gələcəkdə görmüş olacayıq. Aşağıda gördüyünüz şəkil çəkilən andan 8 dəqiqə 19 saniyə əvvəlki vəziyyətidir. Şəkil çəkilən an günəşdə baş verənləri isə bu görüntüdən 8 dəqiqə 19 saniyə sonra görmək olardı.


    Göz bizim duyğu orqanlarından biri olaraq obyekti, ətraf aləmi dərk etməkdə rolu böyükdür. Görüntü yaradan fotonlardır. Fotonlar ayrı-ayrı kvant hissəcikləri olmaqla yanaşı, informasiya daşıyıcısıdır. Biz obyekti görürüksə, deməli, bizim beyin onu dərk etdiyi üçün görürük. Həmçinin görmənin keçmiş, gələcək, indiki zamanı ayrıd etməyin də böyük rolu var. Məsələn: aşağıdakı şəkil. Şəkildə gördüyünüz bu M2-9 dumanlığı bizdən 2100 işıq ili uzaqlıqdadır. Bu isə o deməkdir ki, bizim gördüyümüz bu görüntü əslində həmin dumanlığın bu an olduğu vəziyyəti deyil. Bu şəkil M2-9 dumanlığının 2100 işıq ili əvvəlki vəziyyətinin görüntüsüdür. Bu an biz həmin dumanlığı bu formada görməyimiz, həmin dumanlığın gördüyümüz vəziyyətdə olması deyil. Bəlkə də artıq mövcud deyil bu dumanlıq. Amma çox güman ki, bu formada ətrafa yayılan kosmik toz fəzada səpələnərək indiki (şəkildəki) formasını çoxdan itirmişdir. Həmçinin dumanlığa baxış bucağımızın da fərqli olmasından irəli gələrək biz onu müxtəlif formada dərk etmiş (görmüş) oluruq. Çünki istənilən obyekt onu ehatə edən sfera formasında informasiya şüalandırır. Və obyektin şüalandırdığı elektromaqnit dalğaları bizim baxış bucağımızdan asılı olaraq ondan qəbul etdiyimiz informasiya da fərqli olur. Məhz bizim baxış bucağımıza uyğun olaraq elektromaqnit şüalanmasının biz gəlib çatan hissəsi bizə bu dumanlığı dərk etdirir, beləcə görüntü yaradır. Aşağıdakı şəkildə bunu vizual olaraq görə bilərsiz. Hər ikisi M2-9 nebulasıdır. Sadəcə müxtəlif baxış bucağından asılı olaraq, onu müxtəlif cür görürük (dərk edirik).

    Və bu an həmin dumanlıqda baş verənləri izləmək üçün 2 yolumuz var.

    1. Həmin dumanlıqdan gələn işığın qət etdiyi müddəti, yəni 2100 işıq ili gözləmək.

    2. Hər hansı yolla qısa müddətdə həmin dumanlıq olan yerə getmək. Məs: köstəbək dəlikləri, işıqdan sürətli hərəkət.

    Əgər biz işıq sürəti ilə hərəkət edən kosmik gəmi düzəldib, düzxəttli həmin nebulaya doğru 2100 il hərəkət etsək də, illər keçdikcə biz həmin nebulaya biraz da yaxınlaşmağımız nebulanın formasının günü-gündən, ildən-ilə formasını dəyişməsinə gətirib çıxaracaq. Çünki bizim şəkildəki kimi gördüyümüz nebula forması həmin nebula ilə Yer kürəsindəki müşahidəçi arasındakı məsafəyə görə alınan informasiyadır (formadır). Yəni nebuladan Yerdəki müşahidəçiyə gələn informasiya (nebulanın bu formada mövcud olduğunu dərk elətdirən), nebuladan gələn, nebula və Yer kürəsi arasındakı fəzada yayılan elektromaqnit şüalanması sayəsində mövcuddur. Əgər səyyah düzxətli olaraq işıq sürəti ilə 1050 işıq yolu gedərək, Yerdəki müşahidəçiyə nəzərən yarısı qədər ona yaxınlaşıbsa, səyyah Yerdəki müşahidəçinin gördüyünün yarısını görmüş olacaq.

    Və bu görüntünün yarısı qədər olan obyekt (nebula və yaxud dumanlıq) tamamilə başqa formada olacaq.



    Daha sadə bir misalla izah edim bunu. Tutaq ki, bizim səmada gördüyümüz ulduz 40 işıq ili uzaqdadır. Gördüyümüz ulduzun (beləliklə, orda ulduzun olduğunu dərk edir və qəbul edirik) işığı əslində həmin ulduzun 40 il əvvəlki vəziyyəti olduğu üçün, bu an həmin ulduzda baş verənləri 40 ildən sonra görmüş olacayıq. Baxın, biz ulduzun 40 illik keçmişini görürük, həmçinin bu an o ulduzda nələrsə baş verir. Deməli, ulduzun kecmişi və indiki zamanı eyni anda mövcud olması dərk olunur. Tutaq ki, mənim köstəbək dəlikləri ilə işləyən zaman maşınım var və mən öz zaman maşınıma minib 31 dekabr 2011-ci il 16:00 tarixində köstəbək dəliyi ilə 3 dəqiqəyə düz həmin ulduzun yanından çıxıram (16:03). Yerdə müşahidəçi olan qardaşımın isə superteleskopu var, hansı ki, bu ulduzu kifayət qədər yaxınlaşdıra bilir. Mən dəliyə daxil olandan 3 dəqiqə sonra qardaşım həmin ulduza baxır, lakin məni görmür. Bu an, yəni 16:03-də qardaşım teleskopdan baxan zaman mən həmin ulduzun yanındayam və kosmik gəmimdəki kompüterimdə də tarix 31 dekabr 2011-ci 16:03-ü göstərir. Amma həmin ulduzdan gələn informasiya (işıq) qardaşımın teleskopuna çatmaq üçün 40 işıq ili vaxt kəçməlidir deyə, qardaşım teleskopla məni 40 ildən sonra görə bilər. Deməli, qardaşım A nötqəsində (Yer kürəsi) teleskopu ilə B nöqtəsinə (ulduz) baxır və məni görmür, halbuki mən B nöqtəsindəyəm. Hər ikimizin kompüteri də 31 dekabr 2011-ci il 16:03 tarixini göstərir. Yəni hər ikimiz eyni zamanda mövcuduq (indiki zaman). Lakin B nöqtəsinə nəzərən (ulduzun yanında olan mənə nəzərən) A nöqtəsi (qardaşım) 40 il gələcəkdə mövcud olmuş olur. Çünki məni 40 ildən sonra ulduza baxanda görə biləcək. Həmçinin mən B nöqtəsindən A nöqtəsinə baxanda A nöqtəsinin, yəni Yerin 40 il əvvəlki vəziyyətini görmüş olacam. Yəni mənim güclü superteleskopum olsa, mən 1971-ci ildəki hadisələri çox asanlıqla bir film kimi izləyə bilərəm. Və yaxud A nöqtəsindən B nöqtəsinə gələn mən (səyyah) B nöqtəsi üçün gələcəkdən gəlmiş sayılıram. Mən gəldiyim dövrə (qardaşıma nəzərən indiki zaman) qayıtmış olsam, mən ulduza nəzərən 40 il gələcəyə getmiş (əslində qayıtmış) oluram. Və təzədən 31 dekabr 2011-ci il 16:06 tarixində qardaşımla bir yerdə gedib-gəldiyim ulduza baxsam özümü görməyəcəm. Amma bu hadisənin üstündən 40 il keçdikdən sonra, yəni 31 dekabr 2051-ci il 16:03-də teleskopla həmin ulduza baxınca özümü görmüş oluram. Özü də 40 il əvvəlki vəziyyətimi, yəni cavanlığımı. Kosmik gəmimdəki komputerdə isə 31 dekabr 2011-ci il 16:03 yazılıb və saniyələr öz axarı ilə irəli gedir. Gördüyünüz kimi, indiki zamana görə (31 dekabr 2051-ci il) 40 il əvvəlki hadisəni (keçmişi) indiki zamanda müşahidə etmiş olacam.

    Həmçinin buna oxşar hadisəni “Kontakt” kinosunda da görmək olar. 26 işıq ili uzaqda olan Vega ulduzundan siqnal qəbul olunur və siqnal deşifrə olununca Hitlerin ilk radioçıxışı olduğunu görürlər. Hansı ki, bu çıxışın üstündən 52 il keçmişdir. Yəni siqnal Yer kürəsindən 26 işıq ili yol qət edərək Veqaya çatıb, ordan təzədən geriyə göndərilib. Və siqnal təzədən bizə çatmaq üçün 26 il vaxt keçib.

    Nəticə: Zamana bu prizmadan yanaşanda yuxarıda alimlərin ortaya atdığı heç bir paradoksa ehtiyac qalmır. Hansı zamana bu baxış heç bir fiziki qanunları inkar etmir. Əksinə alimlərin ortaya atdıqları digər izahlar kainatımızın mövcud fiziki qanunları ilə uzlaşmır. Və mənim izahlarım eksperimental olaraq sübut da olunub. Zamanla səyahət bu formada baş verir və belə olunca səbəb-nəticə ardıcıllığı da pozulmur. Hadisələr geriyə dönən xətt üzrə inkişaf edə bilməz! Hər bir hadisənin bir başlanğıcı və bir sonu var. Və mənim özümü 40 ildən sonra görməyim də, hadisələrin 40 il əvvələ geri qayıtmama yox, 40 il əvvəlki zaman-məkandan yeni hadisə yaratmağıma səbəb oldu. Gördüyünüz kimi mən paralel dünyaları gəzib gəlmədim və mənim bu variantımda paralel dünyalara ehtiyac da olmadı. Mən keçmişə qayıdıb babamı, nənəmi və yaxud uşaqlığımı görə bilmərəm, çünki o başqa hadisədir, mənim yaradacağım isə başqa hadisə oldu. Mən gələcəkdən gələn səyyah qismində (Yerə nəzərən ulduz) yenə də yeni hadisə yaratmış oldum. Gördüyünüz kimi gələcəkdən keçmişə gələcək səyyah olsa belə, o insanları görməyəcək, baş vermiş hadisələrin tarixcəsinə düşməyəcək. O, lazımı imkanlar olan şəraitdə keçmişi bir video kimi izləyə bilər. Yəni sabah insan yüksək texnologiyaya sahib olub, köstəbək dəliyi ilə 2 min işıq ili uzaqdakı zaman-məkana düşsə, o Yer kürəsinin İsanın dövrdündəki hadisələri izləmək şansı yarana bilər. Və yaxud 5 milyard işıq ili uzaqdan çıxaraq bizim Günəş sistemimizin təzə-təzə formalaşdığı anların şəklini çəkə bilər.

    Mənim yuxarıda göstərdiyim fikri eksperimenti heç kim inkar edə bilməz. Çünki bu eksperimentlər yuxarıda qeyd etdiyim kimi kainatımızın fiziki qanunlarına əsaslanır və səbəb-nəticə əlaqələri də pozulmur. Heç bir paradoksla da üzləşmir. Və belə olan təqdirdə, siz özünüz deyin, yuxarıdakı alimlərin məsələni bu qədər qəlizləşdirməsinə, paradokslarla rastlaşıb, özlərini daha da çətinə salmasına ehtiyac varmı? Sizcə alimlərin zamanla bağlı səhvləri harda oldu? Düşünürəm ki, məsələyə ancaq bir prizmadan baxmaqda!

    Qeyd3: Əgər keçmiş, indiki, gələcək zaman eyni anda mövcud ola bilirsə, deməli, zaman bir ölçü kimi müşahidəçiyə nəzərən zamanın 3 ölçülü proyeksiyadır (keçmiş, indiki, gələcək). Sual oluna bilər ki, bəs onda biz bunu niyə görmürük. Cavab isə odur ki; əsas məsələ görmək deyil, ətraf aləmi dərk etməkdir. Və biz ətraf aləmi hiss orqanlarımız ilə dərk edirik. Bu hiss orqanlarımızdan biri isə gözdür. Necə ki, biz səsi görmürük, eşidərək dərk edirik. Necə ki, toxunuşu nə görür, nə eşidirik və s. Zamanı dərk etmək üçün görmək mütləq deyil. Beynimiz zamanı ölçü olaraq bu 3 zaman proyeksiyasının cəmi olaraq dərk edir. Əgər biz bu 3 zaman proyeksiyasından birini dərk etməsəydik, onda digər 2 proyeksiyanı da dərk edə bilməzdik. Mes: indi saat 5-dir. Bir saat əvvəl 4 idi. Bir saat sonra 6 olacaq. Əgər biz bir saat əvvəl (keçmiş) 4 olduğunu dərk etməsəydik, biz 5-in indinin olduğunu dərk edə bilməzdik. Və yaxud biz bir saat sonra 6 olduğunu (gələcək) dərk etməsək, biz 5-in indiki zaman olduğunu dərk edə bilmərik. Və yaxud biz bir saat əvvəl 4 olduğunu dərk edərək, 4ün keçmişda olduğunu, 5in indi olduğunu, 6nın isə sonra olacağını dərk edirik.

    Qeyd4: Bugün istənilən neyrobioloq eksperimental olaraq isbat edə bilər ki, zaman anlayışı individualdır və zaman abstrakt anlayış kimi insanın ancaq beynində mövcuddur.

    Əlavə2: BBC-nin saytında qoyulan yazıya görə alimlər zamanla səyahətin yeni modelini kəşf ediblər (!?), hansı ki, adam keçmişə gedə də bilir, hələ üstəlik babasını görə də bilir. Amma kimsə keçmişə babasını öldürmək niyyəti ilə getsə, bu alınmayacaq. Ya babasının işi çıxacaq, ya hadisələr başqa səmtə yönələcək, ya keçmişə babasını öldürmək üçün səyahət edən adam babasını gördükdən sonra fikrindən dönəcək və s. Səbəb soruşursunuzsa, bu alimlər səbəb kimi kvant dünyasının qeribə qanunları göstərilir. Hansı qanunlar, bu alimlər bilmir. Soruşsanız ki, niyə? Deyəcəklər bilmirik. Amma bir şeyi bilirlər ki, Asif keçmişə gedib babasını görə bilər, amma onu öldürə bilməz. Vəssalam! Bununla da paradoksu həll etmiş oldular. Əgər sizlər də professor Dan Greenberger kimi fikirdəsinizsə, onda sizə yazımı ikinci dəfə oxumağı məsləhət görərdim ki, bir də bu fikirdə olub, özünüzü daha da çətinə salmayasınız.

    p.s: Çox yaxında digər yazımda qaranlıq enerji (dark energy) və qaranlıq materiyanın (dark matter) harda, necə mövcud olmasını, bizim kainatın 95%-ni təşkil edən bu nəsnələrin Böyük Partlayışdan əvvəl mövcud olduğunu, ümumiyyətlə heç bir partlayışın olmadığını izah edəcəm.
    Ingilis versiya


     
    free counters
    Alisoy - Find me on Bloggers.com