• Burada Sizin reklamınız ola bilər :)

    Allah daha yorulub


    Bir gün biri gəmidə batır. Əl açıb Allaha yalvarır ki, "nə olar, Allahım, yardım et mənə. Mən həyatım boyu sənin sadiq qulun, kölən olmuşam.” Bu zaman bir qayıq kişiyə yaxınlaşır. Qayıqdakılar kişiyə kömək etmək istəyəndə, kişi köməyi qəbul etmir və deyir: ”Allah özü mənə kömək edəcək”. Qayıqdakılar bunu eşidib, yollarına davam edirlər. Kişi yenidən Allaha dua etməyə başlayır. Bu zaman kişinin yanından suyun üzərində bir taxta parçası üzərək keçir. Suda olan kişi ondan da yapışmayıb, Allahın onsuz da ona kömək edəcəyini düşünür. Kişi yenidən Allaha yalvarır. Bu dəfə göydən səs gəlir ki, “Ay bədbəxt, iki dəfə sənə kömək etdim, rədd elədin. İndi sənə əlimi uzadıb kömək edəsi deyiləm ki?!”
    Tarix boyu başqa dövlətlər tərəfindən həmişə hücumlara məruz qalan, xəritədə qartala bənzər torpağın insanları artıq Allahın qəzəbinə tuş gəlib. Monqolların, farsların, ərəblərin, osmanlıların, rusların əsiri olan bu xalqın alt şüurunda kölə təfəkkürü möhkəm kök salıb. Bu təfəkkürü də genimizlə gələcək nəsillərə ötürürük.
    Biz həmin, yuxarıda danışdığım lətifənin qəhrəmanına bənzəyirik. Çətin anımızda əlimizi qaldırıb Allaha yalvardıq və O da bizə çar Rusiyasına qarşı I, II, III Sam Mirzənin başçılığı altında üsyanlar etdirdi. XIII əsrin ikinci yarısında Şirvan, Şəki, Təbriz, Xoy, Salmas, Ərdəbildə və bir çox yerlərdə üsyanlar baş verdi. Amma biz bu üsyanları sona çatdıra bilmədik. Rusiya ilə Osmanlı arasında Buxarest sülh müqaviləsi, Rusiya ilə İran arasında Gülüstan və Tükmənçay müqavilələri bağlandı, Azərbaycan dönə-dönə parçalandı. Biz isə güclü və dözümlü xalq olduğumuzdan şükranlıq fəlsəfəsini əlimizdə bayraq tutub, “bu günümüzə də şükür" deyib, bir qarın çörək üçün yaşadıq.
    Yenidən əlimizi göylərə uzadıb, sürünməkdən yorulub, Allaha yalvarmağa başladıq. Bu dəfə də Allah öz hüsnü-lütfünü bizdən əksik etmədi. Şeyx Şaban və Həmzət bəyin başçılığı ilə Balakən üsyanı, Zaqatala üsyanı, Mir Həsən xanın başçılığı ilə Lənkəranda “Talış” üsyanı, Qubada Hacı Məhəmmədin və Yarəlinin başçılığı ilə, Şəkidə Məşədi Məhəmmədin başçılığı ilə çar Rusiyasına qarşı üsyanlar baş verdi. Nəticə yenə fiasko oldu. Niyə? Çünki həmişəki kimi xalqımın vecinə deyildi baş verənlər.
    Amma Allah ümidi itirmirdi bizlərdən. Düşünürdü ki, bəlkə maarifləndirsə, düzələ bilər yaratdığı bu səhv əsərin personajları. Onun üçün Şərqdə ilk tamaşa yaratmaq üçün M.F.Axundovu, qəzet yaratmaq üçün H.B.Zərdabini, satira üçün M.Ə. Sabiri, M.Cəlili göndərdi bizlərə. Amma biz nə etdik. Onları daşa basdıq, ələ saldıq, lağa qoyduq, şəhərdən qovduq. O, isə hələ də ümid edirdi, hələ də sevirdi bu bədbəxt xalqını. Ona görə də M.Ə. Rəsulzadəni göndərdi bizlərə. 1902-ci ildə Bakıda ilk siyasi nümayiş keçirildi. Rəsulzadənin rəhbərliyi altında ilk təşkilat olan “Müsəlman gənclik təşkilatı” yaradıldı. “Müsavat” partiyasının əsası qoyuldu. Artıq ümid deyəsən özünü doğruldurdu. 28 may 1918-ci il Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. F.X.Xoyski başda olmaqla, I hökumət kabinetinin təşkili və fəaliyyət göstərməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilməsi, Batumidə AXC ilə Osmanlı dövləti arasında “Sülh və dostluq” müqaviləsinin imzalanması, AXC-nin Tiflisdən Gəncəyə köçməsi, Azərbaycan Milli Ordusunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edilməsi, AXC hökumətinin xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etməsi, Azərbaycan-Türk ordularının Bakını “Sentrokaspi” diktaturasından azad etməsi, Azərbaycan hökumətinin Bakıya köçməsi, AXC-nin üçrəngli bayrağının qəbul edilməsi, Azərbaycan parlamenti, Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması yeni mərhələdən xəbər verirdi. Bundan başqa bir xalq üçün nə etmək olardı? Amma yenə də hər şey fiaskoya uğradı. Lenin, Qızıl Ordu və bolşeviklər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. Bax bu zaman Allah bizdən “incidi”. Düz 70 il üzümüzə baxmadı. Biz isə yenə əllərimizi göylərə tutub, yazıqcasına yalvarırdıq.
    Nəhayət, son şans verildi bizlərə. 17 noyabr - 4 dekabr 1988-ci ildə Bakıda Azadlıq meydanında kütləvi etiraz mitinqləri keçirildi. Azərbaycanda milli-azadlıq hərəkatı başladı. Əbülfəz Elçibəy AXC sədri seçildi. Biz bu ümidi də doğrulda bilmədik.
    Sonra isə öz əlimiz, öz başımız dedik, prezident seçildi, neft satışa çıxarıldı, büdcə əvəzinə ciblər dolmağa başladı, rüşvət və korrupsiya halları çoxaldı, kütləvi savadsızlaşma artdı, yaşayış səviyyəsi ildən-ilə aşağı düşməyə başladı, neft sektorundan başqa ölkədə heç nə inkişaf etdirilmədi, avtoritarizm rejiminə keçdik, demokratiyanı itirdik, narkomaniya, cürbəcür xəstəliklər, kasıblıq baş alıb getdi, söz azadlığı əlimizdən alındı, jurnalistimiz döyüldü və həbsə atıldı. Hər şeyə total nəzarət...
    İndisə vətəndaş cəmiyyətinin başını cəlladın baltası altına qoyublar. Dəstəklədiyin və ya dəstəkləmədiyin heç bir təşkilat bundan sonra fəaliyyət göstərə bilməyəcək.
    Deyirsən yenə Allaha əl açaq, yenə dua edək?
    Dostum, Allah əlini uzadıb sənə kömək edəsi deyil ki!
    Bir də unutma. Nə qədər istəyirsən dua et, yalvar, nəzir ver, həccə get, məşədi ol, heç bir mənası yoxdur.
    Onsuz da Allah daha yorulub bizi sevməkdən...

     
    free counters
    Alisoy - Find me on Bloggers.com