• Burada Sizin reklamınız ola bilər :)

    Ayaqüstü basdırılan insan


    Əslində milliyyətcə yəhudi olan bu adamın 550 il öncə yazdığı öncəgörmələr barəsində çox deyilib və çox yazılıb. Və əksər araşdırmaçılar onun katrenlərində yazılanların bir həqiqət olduğu qənaətindədir. Onun Napoleon, Hitler, II Cahan Savaşı, SSRİ-nin dağılması və digər maraqlı hadisələr haqda olan katrenləri bu gün də alimlər, astroloqlar tərəfindən diqqətlə incələnməkdədir.


    Mişel de Nostradam (Nostradamus) 1503-cü il dekabrın 14-də Fransada, Provensdəki Sen-Remi qəsəbəsində "xristianlaşmış" yəhudi ailəsində doğulub. Hər iki babasının köməyilə bəzi fənləri öyrəndikdən sonra Avinyonda təhsil almağa başlayaraq fəlsəfə, qrammatika, ritorika elmlərinə yiyələnmişdir. Bu illərdə o, artıq klassik ədəbiyyat, tarix, təbabət, astrologiya (o zaman qanunla qadağan olunmamışdı), bitki və xalq təbabəti sahələrində böyük təcrübə qazanmışdı.Nostradamus ilk öncə öz romanı və XVI əsrin əvvəllərində Fransanı viran qoymuş biabırçı bubon taunu xəstəliyinin müvəffəqiyyətlə müalicəsi sayəsində tanınıb məşhurlaşdı. Onun yeni müalicə üsulu əsasən təmizlikdən və C vitaminindən ibarət idi. Öz kəndinə qayıdarkən onun atdığı ilk addım küçələrdən meyitləri götürtmək oldu. Sonra o, öz xəstələrinə çoxlu təmiz hava, çirklənməmiş su, habelə, özünün qızılgül ləçəyi, qızılgül kolunun giləmeyvəsi, yaşıl sərv ağacının qabıqları, süsən, qərənfil ədviyyatı və əzvaydan hazırladığı "qızılgül həbi"ni tövsiyə etməyə başladı. O, ən kiçik soyuqdəymədən tutmuş dəhşətli tauna qədər hər şeyin müalicəsinə diqqət yetirərək öz xəstələrinin qanaxmadan əziyyət çəkməsinə imkan vermirdi. Astroloq-həkim həmin yerlərdə müalicəsi qeyri-mümkün sayılan bir xəstəliklə mübarizədə həqiqətən də böyük uğur əldə etmişdi. Hesablamalara görə, həmin dövrdə Avropa əhalisinin dörddə birindən çoxu qəfil yayılan bu Qara Ölümdən məhv olmuşdu.

    1537-ci ildə taun Nostradamusun öz arvadı və iki uşağı ilə yaşadığı Ageni bürüdü. O, cəsarətlə əhalinin gənc təbəqəsinin müalicəsinə girişsə də, öz ailəsini Qara Ölümün əlindən ala bilmədi. Dəli kimi olmuş və özünün bacarıq və qabiliyyətlərinə şübhə ilə yanaşan Nostradamus altı il müddətində Avropanı boş-boşuna gəzib-dolanmağa başladı. Bu, onun ilk dəfə özündəki öncəgörmə qabiliyyətindən agah olduğu vaxtlar idi.

    Taun Provensin paytaxtı Aiksi bürüyəndə Nostradamus yenidən 9 ay ərzində əlindən gələni etdi ki, bacardığı qədər çox adamı xilas etsin. Xəstəliyin qarşısı alındıqdan sonra şəhər əhli onların həyatını qurtardığına görə ona təqaüd ayırmaqla öz minnətdarlığını bildirdi. Arvadının və uşaqlarının ölümündən 10 il keçdikdən sonra Nostradamus Salona köçdü, yenidən evləndi və 3 qız, 3 oğul atası oldu. O, yaşadığı evin 2-ci mərtəbəsini şəxsi kabinetinə çevirmişdi və orada özünün möcüzə bəxş edəcək ləvazimatlarını - üstürlabı (astroloji bucaqölçən alət), sehrli güzgüləri, öncəgörmə çubuqlarını (millərini), bürünc kürəni və sonralar Delfik rəmmallar tərəfindən nümunə kimi istifadə olunmuş üçayağını yerləşdirmişdi. Gecə hər yan zülmətə qərq olandan sonra o, öz kabinetinə çəkilərək üzərində ağzınadək su və zəhərli otlar (güman ki, dəfnə yarpağı və bəzi otların qarışığı) ilə dolu olan bürünc kürənin qaynadığı üçayağın önündə otururdu. Nostradamus bir neçə il öz kəşflərini açıqlayıb-açıqlamamaq dilemması ilə mübarizə apardı. 1550-ci ildə o, özünün ilk öncəgörmələr almanaxını - "katrenlər" adlanan 12 dördmisralıq şerini nəşr etdirdi. Hər katrendə növbəti il üçün ümumi proqnoz-öncəgörmələr verilirdi. Almanaxın hamı tərəfindən bəyənilməsi Nostradamusu öz işinə davam etməyə sövq etdi. Ömrünün yerdə qalan hissəsində hər il bir almanax nəşr etdirdi.

    O, özünün ən məşhur əsəri olan "Senturiyalar"ı (Yüzilliklər) 1554-cü ildə yazmağa başlamışdı. Əsərdəki öncəgörmələr hər biri 100 katrendən ibarət olan on cilddə cəmləşdirilmişdi. Dörd hissədən ibarət olan senturiyaların birincisi 1555-ci ildə Lionda, yerdə qalanları və yeddi hissədən ibarət növbəti senturiyalar isə elə həmin il bir qədər sonra çap edildi. Sonuncu üçü isə 1558-ci ildə işıq üzü gördü, lakin Nostradamus qərara aldı ki, senturiyalar geniş yayılmasın. "Senturiyalar" 400 ildən artıq bir müddətdir ki, müntəzəm olaraq nəşr edilir.

    Nostradamus katrenləri onun öz dövründə olduğu kimi bu gün də birmənalı qarşılanmır. Tapmaca və ya bir sirr kimi yazılmış fransız, provens, yunan, latın və italyan yazılarının uyğunluğu, cinas və ifadələr, anaqramlar və epiqramlar bir məcmu halındadır və potensial tərcüməçidən çoxlu sayda fənlər barədə bilikli və məlumatlı olmağı tələb edir. XVI əsrdən bu günümüzə qədər çox adamı bu öncəgörmələr heyran edərək təsirləndirib və çox adam onları təhlil edərək mənasını açmağa çalışıb. Bəzi katrenlər təxminən bir eralıq dövrü əhatə edir. Bəziləri isə daha dəqiqdir və məhz bu katrenlər xristian dünyasında Nostradamusun "dünyanın ən böyük peyğəmbərlərindən biri" adı qazanmasına gətirib çıxarıb.

    Heç də yanlış düşünməyən bəzilərinin fikrincə, Nostradamus üstüörtülü şəkildə boşboğazlıq edən bir kafir, şeytan, onun şerləri isə bədbəxtlik və fəlakət gətirən əsərlərdir. Filosoflara görə, Nostradamus alqış və qarğışlara səbəb olur. Şairlər hələ də onun həyəcan dolu sətirlərinin mənasından karıxaraq çaşqınlıq hissi keçirirlər. Onu öz dövründə həyata keçmiş və astroloqun özü tərəfindən açıqlanmış katrenləri çıxsaq, heç kim indiyə kimi gerçəkləşən proqnozların son, qəti və dəqiq şərhini verə bilmir. Bu, yalnız fərdi araşdırmalar üçün açıq olan bir sahədir. Və əlbəttə ki, bunun özü də bir fikir, niyyətdir.

    Şahidlərin dediyinə görə, revmatizm, hidropos və podaqranın ona "bəxş etdiyi" güclü ağrılara baxmayaraq, Nostradamus ömrünün sonunadək zirək və çevik olub. 1566-cı il iyulun 1-i gecə köməkçisi ona "səhər görüşənədək" sözlərini deyərkən Nostradamusun cavabı bu olub: "Səhər gün çıxanda artıq məni sağ görməyəcəksən". Hər kəsin gözlədiyi kimi, o, özünün nə vaxt öləcəyini də dəqiqliklə bilirdi. Son almanaxında Nostradamus yazmışdı: "Səfirlikdən döndüyündə kralın hədiyyəsini yerinə qoymaqdan başqa o, heç nə etməyəcək. O, Allahın dərgahına gedəcək. Yaxın qohumları, dostları, qan qardaşları (onu) çarpayının və kürsünün yanında tam ölü halda (tapacaqlar)".

    İyulun 2-si səhər köməkçisi ailəni və onun dostlarını Nostradamusun keçən gecə qaldığı kabinetə gətirdi. Onlar onun cəsədini döşəmədə, çarpayı və kürsünün (o, bu kürsüdən çarpayıdan qalxmaq üçün yardımçı bir şey kimi istifadə edirdi) arasında tapdılar. Nostradamusun arvadı onun son vəsiyyətini yerinə yetirdi: o, ayaqüstə basdırılmasını və tabutunun Salon Kordelyerlər Kilsəsinin divarında yerləşdirilməsini vəsiyyət etmişdi. Onun sinədaşı üzərində yazılmış sözlərin latıncadan tərcüməsi belədir: "Dünyasını dəyişmişlərin arasında ən yeganəsi, özünün ilahi qələmi ilə, ulduzların təsiri ilə bu dünyanın gələcəyini yazmaq şərəfinə nail olmuş dahi Mişel Nostradamusun sümükləri burada yerləşir. O, 62 il 6 ay və 17 gün yaşamış, 1566-cı ildə Salonda vəfat etmişdir. Qoy gələcək nəsillər onun rahatsızlığını pozmasınlar. Anna Pozart Gemel öz həyat yoldaşına həqiqi xoşbəxtlik arzulayır".

     
    free counters
    Alisoy - Find me on Bloggers.com